Sizin balanız qərənfillər olacaq... | 20 yanvar hekayələri

   Sizin balanız qərənfillər olacaq...    | 20 yanvar hekayələri
  20 Yanvar 2023    Oxunub:18146
AzVision.az yazıçı-publisist Rafiq Səməndərin 1990-cı ildə dərc olunmuş “Şəhidlər” kitabından “İlham və Fərizə dastanı” adlı hekayəni təqdim edir.

Bilirəm, dastan nağıl deyil. Ancaq mən bu dastanı nağıl kimi başlayıram.

İLHAM!


Biri var idi, biri yox idi, dünyanın gözəl bir guşəsində - Qarabağda İlhamın özündən qabaq atası Əjdər kişi var idi. Əjdaha boyda bir kişi idi. Xırdaca bir peşəsi vardı. Sürücü idi. Torpağının sevincini, kədərini daşıyırdı. Daşını, çınqılını daşıyırdı. Cəmil kişinin qızı Ofeliya xanımla evlənmişdi. Niyə? Dünyada insanlar niyə evlənir, niyə ailə həyatı qurur? Dünya dağılmasın, dünya sökülməsin, dünya qırılmasın, dünya qurumasın deyə. Onlar da evlənmişdilər ki, dünyanın bir qara daşını göyərtsinlər, cücərtsinlər. Dünya yaşasın, nəfəs alsın.

Ağdamda qaranquş yuvası boyda bir evləri vardı. Əjdər kişi dişiylə, dimdiyilə, dırnağıyla tikmişdi bu yuvanı.

Bir yaz bu yuvadan beş bala boylandı. Qaranquş kimi cükküldəşirdilər. Üç bacı, iki qardaş. Qardaşın biri İlham idi. Biri Elxan. Bacılar Tofiqə, Rəsmiyyə, Gülbəniz. Necə sığışıblar bir yuvaya, bir otağa, bir yorğana, bir ocağa, bir suya, bir havaya! Böyüyə-böyüyə dərdləri də böyüyüb, sevincləri də. Əjdər kişi də bunu duyub, hiss eləyib. Balaların götürüb şəhərə köçüb. Kiçik yuvadan böyük yuvaya köçüblər. Kiçik şəhərdən böyük şəhərə köçüblər. Balalar böyük şəhərin adamlarına qarışıb, böyüyüb, böyüyüb. Böyük şəhərin dərdinə, qəminə, sevincinə qarışıblar. Görünməz, bilinməz olublar.

Dünənə qədər kim nə bilib ki, bu boyda şəhərdə İlham adlı oğlan yaşayıb. Dünənə qədər kim nə bilib ki, bu şəhərdə Əjdər kişinin ailəsi varmış. Yaşadıqları yeri də hərə bir cür deyir, yazır. Biri “Xutor” deyir, biri “samostroyka”, biri “Gecəqondu”. Əsl adı isə halal çörəkli, düz çörəkli, duz-çörəkli bir ünvandı. Süfrənin böyüyü, duz-çörəyin yiyəsi isə Əjdər kişi idi. Onun da əlini bir gün tale süfrədən, çörəkdən kəsdi. Yolda maşında ikən xəstə bacısının ölüm xəbərini qəfildən ona yetirdilər. Cavanca Sona bacısının neçə vaxt idi xərçəngdən gözləri tutulmuşdu. Bu xəbər Əjdər kişini də 42 yaşında yarı yolda qoydu.

Beləcə, ailənin kişi yükü Elxanla İlhamın çiyinlərinə düşdü. Bacıların qeyrəti-namusu, çörək yükü də üstəlik. Ancaq bu, Elxanla İlham üçün şərəfli bir yük idi...

Onda İlham yeddinci sinifdə oxuyurdu. Ağdamdan xəbər gəldi ki, nənəsi təkdi, daha doğrusu təkliyə dözmür. Balalarının yoxluğuna dözmür. On dörd yaşlı İlhamı Ağdama nənəsinin yanına “ezamiyyətə” göndərdilər. “Kişilik ezamiyyətinə”. Nənəsinə həyan, göz olsun. İlham da Ağdamda gündüzlər işləyib, axşamlar oxudu. Qazandığı bir tikə çörəyi də nənəsiylə bölüşdü. Nə gözəl günlər olub. Nənə İlhama nağıl danışıb, İlham nənəyə çörək qazanıb. Nağıl, çörək… çörək, nağıl… Dünyada bundan müqəddəs yemək, qazanc varmı görən?

İlham böyüyür, nənə qocalırdı. İlhamın günləri, nənənin də saçları ağarırdı. İkisi də ağappaq günlərə baş alıb gedirdi. Əsgərliyinə altı ay qalmış İlhamın anası yalvar-yaxarnan onu şəhərə öz yanına gətirib.
- Qoy balama altı ay mən baxım… Altı ay mən onu yedirdim, içirdim. Altı ay ona doyunca baxım, gözüm doysun, sözüm doysun. Əsgər gedər, ürəyimi yeyərəm.

İlham da elə oğul deyildi. Nənəsi üçün şipşirin noğul, anası üçün gözəl bir oğul idi. Əsgər getdi. Gedəndə lap uşaq idi. Gələndə bir yekə kişi gəldi. Allah, necə gəldi, necə gəldi… Gecə gəldi… Ancaq elə bil gündüz gəldi. Üst-başı işıq saçırdı. Bir dəqiqə işsiz-gücsüz durmağı yox idi. Elə o ili Dadaş Bünyadzadə adına gəmi təmiri zavoduna işə girdi. Sonra Politexnik Texnikumuna daxil oldu. Həm işlədi, həm də oxudu. 1989-cu ildə texnikumu bitirdi. 90-cı ildə hazırlaşırdı ki, instituta girsin. Bu onun arzusu idi. Ən böyük arzusu isə Fərizə idi .

FƏRİZƏ

Harada anadan olmuşdu Fərizə? Nə fərqi var. İlham üçün anadan olmuşdu. Harada böyümüşdü Fərizə? Nə mənası var? İlham üçün böyümüşdü. Necə qız idi, qəşəng idimi, yaraşıqlı idimi, boylu-buxunlu idimi? Nə fərqi var. İlham üçün idi.

İlhamın doğulduğu torpaqdan yeddi dağ, yeddi dərə o yana doğulmuşdu. Ancaq doğulduğu gündən baş alıb İlhama sarı gəlirdi. İlhamının yanına gəlirdi. İlhama tələsirdi. Onun gözlərinə gəlirdi. İstəmirəm Fərizənin doğulduğu Ermənistan adlı bir torpağı bu gözəl məhəbbət dastanına yapılmadan yapıb yanam. Sadəcə olaraq Fərizə də İlham doğulan göyün, ayın, ulduzun, günəşin altında göz açıb. Bağda xalanın qucağında, nənnisində yellənib. Çoban dayının halal çörəyini yeyib. Bizim bulaqlardan axıb keçən büllur suyu içib. İlhamın udduğu tərtəmiz havadan o da qurtum-qurtum içib. Bütün bədəninə, varlığına, İlham da o halal çörəklə, duzla hopub, həkk olunub. Ürəyinin başına “İlham” sözü yazılıb. Və günlərin bir günü bütün ailəsi Bakıya, Fərizənin ürəyi isə İlhama sarı yol tutub gəlib. Talemi, Allahmı, göydəki ulduzmu onları bir-birinə ömür-gün qonşusu, gor qonşusu eləyib. Yeddi addım o yanda Fərizə böyüyüb. Yeddi addım bu yanda İlham.

İlhamla Fərizə ilk dəfə nə vaxt görüşüb? Gözləri bir-birini nə vaxt görüb? Yolları nə vaxt kəsişib? Heç kəs yadına sala bilmədi. Bunu özləri, bir də göydəki ulduzları bilə bilərdi. İlhamın anası deyir, Fərizə elə bu evdə qızlarımla bir yerdə böyüyüb. Sən demə bacılarıyla bir yerdə İlhamın yarı böyüyübmüş. İlhamdan xəbərsiz. Xəbərsizmi? Bəlkə İlhamın kiçik qəlbində elə bir kiçik Fərizə boy atırmış özündən xəbərsiz, sözündən, gözündən xəbərsiz. O boyda da xəbərsizlikmi olar? Fərizə İlhamın kiçik bacısı Gülbənizlə bir sinfə gedib. Bir partada əyləşib. Bütün hərfləri, sözləri bir yerdə öyrəniblər. Çox güman ki, o sözlərin içində Fərizə üçün “İlham” adlı müqəddəs bir söz də olub. Bu sözü dəftərlərinə, kitablarına yox, ürəyinin ağappaq səhifəsinə yazıb: “İlham”. Fərizənin İlhamı… Sənət, həyat, eşq İlhamı. Həyat İlhamı. Ömür İlhamı…

İllər keçir, günlər ötürdü. Hamısı da İlhamlı, Fərizəlidi. Fərizə doqquzuncu sinifdə oxuyanda İlhamgildə ad günü idi. Deyəsən, Gülbənizin ad günü idi. İlk dəfə bu ad günündə İlhamla Fərizə yanbayan əyləşmişdi. İlk dəfə idi İlham Fərizənin gözlərinin içinə, oradan da ürəyinə baxırdı. Fərizə isə gözlərini hara dikmişdi, necə dikmişdi bunu yalnız İlhamın gözləri bilirdi. İlk dəfə evdə Elxan qardaşı hiss elədi ki, İlhama nəsə olub… Fərizəyə nəsə olub. Nə olmuşdu? Bütün orta məktəb şagirdləri üçün bundan asan sual yox idi. Bu sualın cavabı çox asan idi. Ancaq soruşan yox idi deyə, cavab verən də olmadı. İlham da susdu. Fərizdə də. Bir gün İlham utancaq-utancaq anasından soruşdu:
- Ana, sənin Fərizədən xoşun gəlir?
Anası sevindiyindən bircə kəlmə dedi:
- Həə…
- Mənim də xoşum gəlir.
İlham bir qədər susub sonra yenə asta-asta dindi:
- Daha gedib başqa yerdə qız axtarmayaq. Elə evin içindədir. Elə deyil?
Anası bir anlıq özünü itirdi. Bilmədi İlhama nə cavab versin. İlham bir də anasına qayıtdı ki:
- Yox, sənin ondan xoşun gəlir, ya yox?
- Ana o dəqiqə cavab verdi:
- Oğul, mən yüz faiz razı.
- Elə mən də razı.

Bu söhbətin üstündən bir neçə gün keçdi. Fərizə bir qədər də böyüdü, gözəlləşdi. Ofeliya ana bir gün qızı Gülbənizi yanına çağırıb dedi:
- Qızım, ana qurban, Fərizə sənlə yaxındı, get, söz aç, gör nə deyir…

Fərizə o vaxtlar artıq orta məktəbi bitirib uşaq baxçasında işləyirdi. Gülbəniz də anasının bu sözünə bənd imiş kimi, durmadan qaça-qaça Fərizəgilə gəldi. Fərizə evdə yox idi. Gəlinləri dedi ki:
- İndicə çıxdı. Qaçsan dalıyca çatacaqsan ona.
Gülbəniz gəldiyi yolla qaça-qaça Fərizənin dalınca götürüldü. Fərizə tini burulanda arxadan Gülbənizin səsini eşitdi:
- Fərizə… Fərizə…
Fərizə ayaq saxladı. Gülbəniz ona yaxınlaşıb bir az ordan-burdan söz saldı. Sonra əsas məqsədin üstünə gəlib çıxdı.
- Fərizə, sizə gəlmək istəyirik.
Guya heçnədən xəbərsiz Fərizə dedi ki:
- Gəlin də.
- Elə yox, sənə elçi gəlmək istəyirik, İlham üçün…
İlham sözünü eşidən Fərizə bir anlıq sevincdənmi, yoxsa qəfil xəbərdənmi tutuldu. Gülbəniz onsuz da onların gizli sevgisini, bir-birlərini istəməklərini bilirdi. Yenə elə-belə soruşdu:
- Hə, nə deyirsən, gələk, ya yox?
Fərizə utana-utana:
- Ay Gülbəniz, mən utanıram axı belə söhbətlər eləməyə. Qoy anamla danışım, sonra…
- Axşam Gülbəniz bir də Fərizəgilə gəldi.
- Nə oldu, ay qız?
Fərizə tez əlini ağzına alıb, Gülbənizi yana çəkdi:
- Susss… mən razıyam e… anam da bilir. Qoy atam gəlsin, ona da desinlər.
Bir azdan Fərizənin atası Çoban kişi oğlu Vaqifi sorğu-suala çəkib. Vaqif də müxtəlif vaxtlarda İlhamla bir yerdə oxuyub, oturub-durub.
- Necə oğuldu?
- Ondan var bəyəm?!…- Vaqifin atasına verdiyi bu bircə kəlmə cavab Fərizəylə İlhamın ailə həyatının ilk pilləsi, ilk addımı, ilk dirəyi, ilk stəkan şirin çayı oldu. Bu ilk stəkan şirin çayı isə İlhamın Ağdamdan gələn nənəsi içdi.
- Allah mübarək eləsin! Xoşbəxt olsunlar! Qoş qarısınlar!

Qoşa qarıdılarmı?

NİŞAN

1988-ci il martın 19-da Fərizə üçün nişan apardılar. Həmin gün İlhamın Tofiqə bacısının Tural balası anadan oldu. Sevinc sevincə qarışdı. İlham bəyin nişanı, Tural balanın ömrünün başlanğıcı oldu. Bütün ailə analı-balalı sevinirdi. Sevinə-sevinə də İlhamın nişan xonçalarını götürüb, Fərizəgilə yollandılar. O gün Ofeliya xalanın qardaşı oğlu təzə aldığı maşını bəzəyib iki tin yuxarı - Fərizəgilə sürdü. Bütün “Xutor” tamaşaya çıxmışdı. Sınıq-salxaq evlər, komalar qırmızı boyanmışdı. Hamı o nişanın arxasınca boylanmışdı. Qızlar həsədlə, oğlanlar həsrətlə. Hamı İlhamın, Fərizənin sağ əlini öz başına, ömrünə, taleyinə çəkirdi.

Fərizəgilin evinin qabağında maşınlar dayananda, xonçalar düzüləndə, qırmızı bantlar yellənəndə dünyanın ha tərəfindənsə xəfifcə bir meh əsdi. Ürəklər əsdi, gözlər yaşardı. Fərizə pəncərənin ağappaq tülünü çəkib oğrun-oğrun küçəyə baxdı. İlham da o tülün titrəyişini duyub ona sarı baxdı. Baxışları pəncərə şüşəsində toqquşdu. Gözləri uzaqdan-uzağa kəlmə kəsib danışdı.
- Salam, Fərizə!
- Salam, İlham!
- Xoş gördük, Fərizə!
- Xoş gördük, İlham!

İlham utana-utana, həmişə qonşu kimi qədəm basdığı evə bu səfər kürəkən kimi girdi. Gözlərini yerə dikdi. Yerdə nə qədər tanış ayaqqabı var idi, İlahi! Bu ayaqqabıların içində Fərizənin məstlərini axtardı. Tapdı. Ayaqqabılarını çıxarıb o məstlərlə yanbayan qoymaq istədi. Dedilər olmaz.
- Keç içəri. Bəy ayaqqabılarını çıxarmaz.


İlham isə çıxardı və ayaqqabılarını hiss olunmadan Fərizənin köhnə məstlərinin yanına çəkib qoydu. Bu vaxt eşikdə durduğu yerdə təptəzə nişan maşınının yan şüşəsi partladı. Elxan qardaşı deyir ki, qabağımda oldu. Birdən-birə bir səs eşitdim.
- Dupppp… maşının yan şüşəsi un kimi ovulub töküldü. Hamımız mat qaldıq. Biz görmüşük ki, maşının dal, qabaq şüşəsi çatlayar, ancaq yan şüşənin belə ovulmağını birinci dəfəydi ki, görürdüm.

İlham evə gələndə bildi. Dilxor oldu. Ofeliya xanım da eşitdi. Eşidən kimi də qanı qaralıb stula çökdü. Təsadüf idimi bu… Yox… təsadüf deyildi. Bu gələcək böyük bir faciənin ilk xəbəri, ilk qapı döyüntüsü idi. Hamıdan çox İlham əzab çəkirdi. Yalandan başını aldatdılar ki, bəs uşaqlar daş atıblar. O gecə İlham səhərə kimi tanışlarından o maşın üçün şüşə soraqlayıb, heç yerdə tapa bilməyib. Bu, taleyin sınan şüşəsi idi. Onu da heç yerdə tapmaq olmazdı. Bunu isə İlham bilmirdi.

TOY

Hələ belə toy olmamışdı. “Leyla” şadlıq evi təzəcə istifadəyə verilmişdi. Birinci toy da İlhamla Fərizənin oldu. Bu da bir təsadüf. Yaxşı idimi, pis idimi bunu hələ heç kim bilmirdi. Hələliksə hamı deyib, gülüb, şənlənirdi. İlhamın qardaşı Elxansa süfrəyə - bəy qardaşına, xanım gəlinlərinə baxıb sevinirdi.
- Evdə ata əvəzi mən idim. Bütün gücümü, olanımı, qalanımı bu süfrəyə, bu toya sərf eləmişdim. Heç nə əsirgəməmişdim. Bir yerdən balıq, bir yerdən kürü gətirtmişdim. Dedim qoy qardaşım atasız, arxasız olduğunu ağlına belə gətirməsin. İnanırsız, heç öz toyum belə keçməyib. Hər şey bol idi. Bir də deyirəm, əlimdən nə gəlmişdi ata əvəzi eləmişdim.

Anası deyir əlacım olsaydı ətimi də qoparıb, qoyardım süfrəyə. Oynamaq, oxumaq, deyib-gülmək, yeyib-içmək bol idi qardaş, bol. Elə bil gözə gəldik. İlhamla Fərizə də o gecə elə qəşəng, elə yaraşıqlı idilər, adam gözünü onlardan çəkə bilmirdi. Sən demə Allah o gecə gözünü artıq onlardan çəkmişdi, bizimsə xəbərimiz yox.

Toydan sonra İlhamla Fərizə onlar üçün ayrılmış xırdaca komaya gəldilər. “Vağzalı”yla. Komanın qabağında bir balaca mətbəx, bir də yataq otağı. Yataq otağına güclə bir çarpayı sığışırdı. Bu kiçicik çarpayıda onların altı aylıq bir ailə həyatı keçib. Necə keçib?

AİLƏ

İlham işə səhər tezdən gedirdi. Fərizə hamıdan qabaq oyanıb İlhama çay qaynadır, səhər yemək hazırlayırdı. İlhamın anasını oyanmağa qoymurdu.
- Sən yat, ay ana… İlhamı bundan sonra özüm yola salacağam.

Cavan gəlin səhər 6-da hamıdan qabaq ayaq üstə olardı. Heç kəsi oyatmasın deyə pəncələri üstə gəzərdi. Qəfədanı da çox səs salmağa qoymazdı. Yağ-çörəklə, şirin çayla, şirin dillə İlhamı darvazadan çıxarıb yola salırdı. Sonra girirdi öz otağına. İlham işdən gəlincəyə kimi dilinə bir tikə çörək vurmurdu, süfrə açmırdı. İlhamı, İlhamı, İlhamı gözləyirdi. Özü də cüt günlər dərsə gedirdi. Tibb məktəbinə. Dərs günləri İlhamdan bir saat sonra qurtarırdı. Onda da İlham işdən gəlib Fərizəsiz evə girmir, çay içmir, çörək yemirdi. Hər dəfə anası deyirdi:
- Ay İlham, gəl otur çörək ye, çay iç…
İlhamsa qayıdırdı ki:
- Yox… qoy gedim Fərizəni də gətirim, sonra oturub bir yerdə yeyərik.

İlham hər dəfə Fərizə deyəndə, Fərizənin adını çəkəndə üzü gülür, gözləri işarır, könlü, qəlbi Fərizə adından doymurdu.
İlham əvvəllər Fərizə ilə gedib kirədə qalmaq istəyib, ayrı yaşamaq istəyib. Ancaq anası Ofeliya xala razı olmayıb.
- Elə şey yoxdu, mən harda, siz də orda. Cavan gəlindi, kirədə nə işi var onun.

Qəribədir… Qaynanalar adətən gəlinlərində yaxşı cəhətlərdən çox pis cəhətləri daha tez görüb, seçir, duyur. Eşitdiklərimdən, duyduqlarımdan, gördüklərimdən mən bunu hiss eləmədim.
- Evin qızı bilirdik onu. Qonum-qonşu içində gözə gəldi. Bir acı sözünü yada sala bilmirəm.

Ümumiyyətlə, acı sözü vardımı Fərizənin? Mənə belə gəlir ki, yox idi. Bəs gözəgəlimliyi necə, var idimi? Mənə belə gəlir ki, var idi, özü də çox.

Ofeliya xala nəvə yolu gözləyirdi. Oyuncaqları, pal-paltarları İlhamın uşağının adına alıb gətirib düzmüşdü, yığmışdı. Sən demə qabaqcadan belə şeylər almaq, yığmaq hər adama düşmürmüş. Necə ki, İlhamla Fərizəyə düşmədi.

İLHAM FACİƏSİ

O gün İlham evə tez gəlmişdi. Fərizə də evdə idi. Fərizə evdə idisə İlham üçün bütün dünya onun evindəydi.
İlham neçə vaxt idi işləmirdi. İşləmirdisə demək evə pul da gətirmirdi. Arada bir bəhanəylə qardaşı cibinə pul qoyurdu.
- Xərclə, sonra qaytararsan.
Əlbəttə, “sonra”nı zarafatla deyirdi. Bir yerdə çörək yedilər, çay içdilər. Sonra Fərizənin başı baldızlarına qarışdı, İlhamsa qardaşına dedi:
- Çıxaq bir yola baxaq gələk.
Yol deyəndə İlham evlərindən bir qədər o yandakı böyük, qaynar Tbilisi prospektini nəzərdə tuturdu. Elxanla həyətdən çıxdılar.
Elxan dedi:
- Gözlə, indi gəlirəm.
Qonşuda bir oğlan Elxana demişdi ki, İlhamın əyninə yaxşı şalvar var. Elxan getdi ki, İlhamdan xəbərsiz o şalvarı alıb ona gətirsin. “Kaş ki, özünə deyəydim”. Elxan şalvar dalınca gedən kimi İlham dözməyib qaynı ilə, məhəllə uşaqlarıyla yola çıxdılar. Yola çıxmaqlarıyla tanklarla, güllələrlə qarşılaşmaqları bir oldu.
Kimsə dedi:
- Atırlar… ancaq deyəsən, boş güllələrdir.
İlham dedi:
- Ə, başınız xarabdı, nə boş güllə? Görmürsüz, işıq salır!
Bir anlıq hamı çaşbaş qaldı. Çoxu dağılışdı. İlhamsa yanında qalan uşaqlara qayıtdı ki:
- Ə, bunlar qırır e camaatı… Elə bilirlər camaatda silah var. Gəlin qoymayaq.
- Necə qoymayaq, biz neyləyə bilərik?
Bunu kim dedi, İlham eşitmədi. Bir də onu gördülər ki, İlham əllərini qaldırıb tankların qabağına keçdi.
- Cолдаты, не стреляйте, люди без оружие!
Rusca deyilən bu sözlər İlhamın son sözləri, son nəfəsi, son nidası oldu. Güllələr amansızcasına qarnına dolduruldu. Uşaqlar onu kənara çəkəndə yenə son dəfə gözlərini açıb.
- Anama deməyin…
Gözlərini yumdu. Yoldaşları onu silkələdi:
- İlham… İlham… Nə oldu sənə?
İlham ikinci dəfə gözlərini açıb:
- Anamı istəyirəm, anamı görmək istəyirəm.
Utandığından Fərizənin adını çəkə bilməyib. Bəlkə də Fərizənin adını son dəfə döyüntüsü kəsilən ürəyində çəkib. Və elə son dəfə ürəyində Fərizənin adı donub, susub, kəsilib, quruyub qalıb. İlhamı yoldaşları xəstəxanaya aparıblar.

Fərizə isə qapının ağzında bütün gecəni quruyub ayaq üstə qalıb. İlhamın yolunu gözləyib. Arada soyuq olub, üşüyüb, ancaq evə keçməyib. Küçədəki maşınlarının içində baldızlarıyla əyləşib, yollara baxıb. Yollardansa İlhamın səsi, nəfəsi bir daha gəlməyib. Bütün gecəni Elxan İlhamı axtarıb, gördüm deyən olmayıb. Səhərə yaxın gəlib peçin qabağında əyləşib bir-iki dəqiqə mürgüləyib. Bu bir-iki dəqiqəyə böyük bir yuxu görüb. Və bu böyük yuxuda birdən-birə qulağına İlhamın səsi gəlib. Yerindən dik atılıb soruşub:
- İlham gəlib?
Xorla hamı qayıdıb ki:
- Yooxxx…

Səhərin gözü açılar-açılmaz yeznəsi Faiqlə küçəyə çıxıblar. Küçələrdən İlhamın nəfəsi, səsi gəlmirdi. Gördüm deyən yox idi. Görənlər də qorxusundan dinib danışmırdı. Üz tutublar yaxınlıqdakı respublika xəstəxanasına sarı…
Dəhlizdə yerə düşmüş əzik-üzük bir şarf görüblər.
Faiq deyib:
- Deyəsən bu İlhamın şarfıdır.
Elxan gözucu baxıb:
- Ola bilməz,- deyib.
Ordan-burdan soruşublar… Heç kim bir cavab verməyib. Bilənlər də “bilmirik” deyib. Təkcə onu deyiblər ki:
- Keçin ölüxanaya baxın.
Elxan qorxudan içəri keçməyib. Faiqin içəri keçməyilə ağlaya-ağlaya çölə çıxmağı bir olub. Bu yerdə Elxan da dözməyib özünü içəri tullayıb. Ağlaya-ağlaya meyitlərin birindən yapışıb çölə, havaya çıxarıb, nəfəs almağa çıxarıb. Bəlkə hələ canı üstündədir, deyib.
- Bütün ölülər bir-birinə oxşayırdı, qardaş. Yapışdım birindən elə bildim İlhamdı. İlhama oxşayırdı. Qapının ağzında gördüm ki, bığı yoxdur. Qaytardım o yazığı yerinə. Bığlı qardaşımı götürdüm. Ölüxanadan onu qucağımda oğurlayıb evə qaçırdım. Qarnında tikiş yerləri və rezin şlanq sallanmışdı. Yolu necə gəlirdim özüm də bilmirdim. Evimizin tininə çatanda fikirləşdim ki, mən bu boyda igidi bu sifətdə evə necə aparım. Anama, bacılarıma nə deyim. Fərizəyə nə deyim. Göz yaşlarımın içində təptək idim. Maşın tutub evin tinindən İlhamı məscidə apardım. Yudurtdum, kəfənə tutdurdum. Dedilər bunu çox saxlamaq olmaz, basdırmaq lazımdır. İlhamın meyitini evə gətirib özüm güllə kimi həyətdən çıxdım. Ev dağılırdı. Həyət uçulurdu. Saçlar yolunurdu. Ah-nalədən, şivəndən qulaqlar tutulurdu. Bu səslərin içindən Fərizənin səsindən ev-eşiyə, həyətə od püskürürdü. Başının tükləri göydə uçurdu.

Bütün günü qardaşı, qonum-qonşular İlhamı torpağa tapşırmağa yer axtarıblar. Axırda gəlib Xırdalan qəbiristanlığına çıxıblar. Qəbirqazan tapmayıb özləri bel götürüb qəbir qazmağa başlayıblar. Torpaq da qazılmırdı. Gilə-gilə, ovuc-ovuv, qarış-qarış İlhama qəbir qazıyıblar. Qazıyıb qurtaranda qaranlıq düşüb. Göyün işığı sönüb. Dünyanın çırağı keçib. Yoldan keçən bir “MAZ” maşınını saxlayıblar. O maşının işığında İlhamı qaranlıq torpağa tapşırıblar. İlhamı Xırdalan təpəsindən min illərin ölüləriylə bir yerdə qoyub özləri evə gəlib. Evdə isə Fərizə onların qabağına çıxıb, İlhamı xəbər alıb, İlhamı soruşub. Gözlərində, çiyinlərində, aralarında İlhamı axtarıb. İlhama bürünüb gedən xalçanı bomboş görüb xalçanın üstünə sərilib. Gecənin bir aləmində ayılıb - üstünə, İlhamın sığalladığı saçlarına neft töküb həyətə çıxıb. Təsadüfən yanından keçən gəlinləri neftin iyinə Fərizəni tutub saxlayıb, pal-paltarını dəyişib, üst-başını yuyub. Elxan gəlib Fərizənin ayaqlarına düşüb:
- Ayağının altında ölüm, nə desən sənin üçün eləyəcəyəm, ancaq özünə əl qaldırma.
Fərizə dinməyib. İlhamın boş yerinə, boş xalısına baxıb.
- Söz ver mənə, qurban olum sənə, söz ver mənə ki, özünə qəsd eləməyəcəksən. Bax, balamı çox istəyirsən, onu sənə verəcəyəm. Təki sən İlhamımızı yaşadasan. Söz ver mənə, söz ver mənə…
Fərizə asta-asta neft qoxulu dodaqlarını tərpətdi:
- Söz verirəm.
Ancaq heç kəs bilmədi ki, Fərizə nəyə söz verirmiş. Sağ qalmağına, ya da özünü məhv etməyinə.
Elxan yaxşı tərəfini başa düşüb. Pis yozumunu heç ağlına belə gətirməzdi. Fərizə isə qətlinə yeni-yeni yollar, güllələr, bıçaqlar, baltalar, zəhərlər axtarırdı.

FƏRİZƏ FACİƏSİ

Fərizə dəli olmuşdu mənən, daxilən. İçində bir Leyli ölmüşdü. İçində bir Həcərin başı vurulmuşdu, içində bir Nigar asılmışdı. Fərizə içində çoxdan ölmüşdü. Ayaq üstə “Xutorda” gəzən ruh idi.
Anasının, bacısının gözü üstündə idi. Ancaq heç kim bilmirdi ki, artıq Fərizə həyatda yoxdur. Gördükləri, öpüb-qucaqladıqları, təsəlli verdikləri Fərizə deyil, artıq bir ayağı o dünyada olan kölgəsidir. Bu dünyada isə təkcə gəlinlik paltarı qalmışdı.
- Amanın günüdür, Fərizədən göz olun. İsti-istidir, nə desən eliyə bilər.
Fərizə isə istədiyini çoxdan eləmişdi. Ancaq bu istidən hələ heç kəsin xəbəri yox idi.

O günlər Elxan evdən bütün benzini, nefti, acını, zəhəri yığışdırıb atmışdı. Ancaq Fərizənin anasıgildən gizlin sirkə turşusunu necə gətirdiyini özündən başqa heç kəs görməyib. Niyə gətirib? Nə üçün? Bu mənim öz fikrim, öz mülahizəmdir.
O günü yanvarın 21-də gəlib deyiblər ki, İlhamı orda - Xırdalanda nahaq basdırmısınız, onu sabah çıxarıb Şəhidlər Xiyabanına aparmaq lazımdır. Hamı evin ağbirçəyi nənəyə üz tutub:
- Nə deyirlər, ay nənə? Belə şey olar?
Bir adamı iki dəfə basdırmaq olar?
Heysiz nənə, İlhamsız nənə, güc-bəlayla bir-iki söz deyib:
- Ay oğul, Ağdama apara bilmədiz, Xırdalanda da tək qalıb. Çıxarıb ora aparın. Elin kədəriylə bir yerdə olsa yaxşıdır.
Bunu Fərizə də eşidib.
Elxan qardaşı qonşudakı mollanın yanına məsləhətə gedib.
- Ay molla, deyirlər İlhamı ordan çıxarıb Xiyabana aparıb basdıraq. Bu işə sən necə baxırsan?
Molla təsbehini şaqqıldada-şaqqıldada Elxanın qulağına pıçıldayıb:
- Ay oğul, ölü sizindir. Siz onu torpağa əmanət kimi tapşırmısız. Qırx ildən sonra da götürə bilərsiz.
Bu sözləri də Fərizə eşidib. Fərizə onu da eşidib, bilib ki, 22-si səhəri İlhamı Xırdalandan çıxarıb Şəhidlər Xiyabanına aparcaqlar.

O gecə Fərizə yata bilməyib. Bir yanında anası, bir yanında bacısı yatıb. Bir balış o yana isə İlhamın nənəsi yatıb. Nənə yata bilərmi? Dünyagörmüş arvaddı. Dünyanın keşiyini çəkə-çəkə gəlib. O gecə isə Fərizənin keşiyini çəkə bilməyib. Gecənin bir aləmində Fərizə oyanıb.
- Fərizə, bala, niyə yatmırsan - deyə nənə o dəqiqə dillənib.
- Gözümə yuxu getmir, nənə - deyib Fərizə. Durub çox istədiyi qaynı uşaqlarını öpüb, üstünü örtüb. Sonra yenə yalandan uzanıb yatıb. Bir qədər keçəndən sonra bir də durub eşiyə çıxıb. Nənə dinməyib. Fikirləşib ki, yəqin qız su başına çıxıb. Beş dəqiqə keçib Fərizə gəlməyib. Nənə yorğanı üstündən atıb qalxıb:
- Bu qız harda qaldı? Necə oldu?
Nənə Fərizənin mətbəxinə sarı cəmi beş addım atıb.
- A bala, nə olub?
- Nənə, dərman içdim.
- Nə dərmanı?
- Uksus içdim.
Sən demə Fərizə gəlib İlhamsız otağına, İlhamsız mətbəxinə toy şəkillərini düzüb stolun üstünə. Baxıb… öpüb… öpüb… baxıb… Sonra nazik stəkana sirkə turşusunu süzüb, çəkib başına… Və o dəqiqə dama-dama dəftərindən bir varaq qoparıb, qələm götürüb həyatda son sözlərini, vida cümlələrini yazıb: “heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Ana, ağlama, onsuz da bu…”
Və vəssalam, Fərizənin daha heç bir şey yazmağa gücü çatmayıb, yıxılıb.

Qonşudan gecəynən qatıq gətirib ona içirdiblər. Ağappaq qatıq o boyda qara dərdin qabağını ala bilərdimi? Tez götürüb xəstəxanaya qaçırdıblar. Yol boyu Fərizə bir kəlmə dinib-danışa bilməyib. Sadəcə olaraq şəhadət barmaqlarını qoşalaşdırıb lal diliynən başa salıb ki, onu sabah İlhamla bir yerdə basdırsınlar.


Xəstəxananın qəbul otağında Fərizənin ruhu, könlü o dünyada İlhamıyla qoşalaşıb, görüşüb. Sevgililərin cənnətdə vüsalı. Nə gözəl vüsal… Nə gözəl görüş. Dünyanın ən gözəl xoşbəxtliyi, səadətidir - bu görüş. Kim sevgilisiylə belə bir görüşə çıxa bilər? Kim? Çıxa bilənlər xahiş edirəm bir addım qabağa çıxsın. Ay çıxa bildik ha…

DƏFN

Şəhidlər Xiyabanında Fərizə ilə İlhamı bir qəbrdə basdırmaq istədilər. Bir şəkildə quruyub qaldıqları kimi. Bir şəkildə bir masa arxasında gülümsədikləri və öldükləri kimi. "Şəriət yol vermir…” Qurban olaq şəriətə. Birinci Fərizəni basdırdılar ki, yanında İlhamdan başqa kişi olmasın. Özü də böyrü üstə. İlhama sarı. İlhamı da Fərizəyə tərəf çöndərdilər. Aralarında cəmi bir ovuc, bir qarış, bir öpüşlük torpaq var idi. Öpün torpağı, qardaşım, bacım! Öpün… isidin… Bu torpaq sizin öpüşlərinizdən qərənfillər yetirəcək. Qərənfillər Fərizənin yanağından rəng alacaq. Qərənfillər İlhamın boyundan boy alacaq. Sizin balanız olmayıb, qərənfillər sizin balanız olacaq, qız balanız, oğul balanız. Qərənfil balanız, şəhid balanız. Al-qırmızı qərənfillər qəbriniz üstə cücərib qoşa şəklinizə, rəngli əksinizə baxacaq. Bunlar bizim atamız-anamızdır deyəcək. Gəlib-gedənlər sizin qərənfilləri göz yaşlarıyla sulayacaq. Sizin qərənfillər şor böyüyəcək, gözüyaşlı böyüyəcək, nə dəxli var. Böyüyəcəklər ki. Sonradan həyat onlara öz tamını, dadını, sizin ətrinizi verəcək. İlham, Fərizə ətrini. Bu qərənfillərə də qəribə bir ad verəcəklər - İlham-Fərizə qərənfili.

Hazırladı: Aygün Xankişiyeva


Teqlər:





Xəbər lenti